MƏDƏNİYYƏT
BAKI CAZ FESTİVALINA HAZIRDIR
ABŞ-ın ölkəmizdəki səfirliyinin Bakı caz klubunda keçirdiyi mətbuat konfransında dördgünlük festivalın proqramı və iştirakçıları barədə danışılmışdır.
“Amerikanın səsləri” təşkilatının direktoru Con Fergyuson jurnalistlərin suallarına cavab verərək demişdir ki, festivalda Hyuston (ABŞ) ştatından tanınmış “Havikoro” qrupu, Kərim Qorsevin üçlüyü (Türkiyə), Malte Durşnabelya (Almaniya), Kris Strikya (Hollandiya), “Bakı Biq-bend” qrupu, eləcə də populyar yerli musiqiçilər və qruplar iştirak edəcəklər.
Hazırda Kiyevdə və Moskvada qastrol səfərlərində olan “Havikoro” qrupu breyk-dans üzrə seminarda iştirak etmək üçün Azərbaycana gələcəkdir.
“Bakı caz festivalı”nın birinci və sonuncu günü Azərbaycan musiqiçilərinin çıxışlarına həsr olunacaqdır. Gənc pianoçu Riad Məmmədovun, “Bəri bax” ansamblının, Emil Məmmədovun üçlüyünün, “Savab” kvartetinin, Salman Qənbərovun və bir çox başqalarının ifaları şübhəsiz ki, tamaşaçılarda unudulmaz təəssürat yaradacaqdır.
Azərbaycana Birgə Yardım Fondu (UAFA) festival çərçivəsində iki xeyriyyə konserti təşkil edəcək, yığılan vəsait respublikanın internat məktəblərində yaşayan uşaqların ehtiyaclarına sərf olunacaqdır.