ELM VƏ TƏHSİL


BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ İNFORMASİYA TEXNOLOGİYALARININ MÜASİR PROBLEMLƏRİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, aprelin 10-da Bakı Dövlət Universitetində “Sosial-iqtisadi inkişafın və informasiya texnologiyalarının müasir problemləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçirilmişdir. Konfrans Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək və sosial problemlər üzrə elmi-tədqiqat və tədris mərkəzi və Bakı Dövlət Universiteti tətbiqi riyaziyyat fakültəsinin riyazi-iqtisadiyyat və ekoloji-iqtisadi sistemlərin modelləşdirilməsi kafedrası tərəfindən təşkil edilmişdir.

BDU-nun kafedra müdiri professor Əli Nağıyev, belə mötəbər tədbirin tətbiqi riyaziyyat fakültəsinin 30 illik tarixində ilk dəfə keçirildiyini bildirmişdir. O, Azərbaycanda riyaziyyat elminin inkişafında Rusiya alimlərinin xüsusi yeri olduğunu qeyd edərək, dəqiq elmlər sahəsində Azərbaycan-Rusiya elmi əməkdaşlığının respublikamızda elmi məktəblərin formalaşdırılmasında rolunun danılmaz olduğunu demişdir. Konfrans bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini bir daha göstərdi. Ölkəmizin həyatının bütün sahələrində islahatların dönməz xarakter aldığı bir vaxtlar keçirilən konfransın əhatə etdiyi tətbiqi elmlərin bu proseslərdə istifadəsi xüsusilə aktualdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika və İnformasiya texnologiyaları institutlarının, eləcə də Rusiya Elmlər Akademiyasının, Rusiya Kənd Təsərrüfatı Akademiyasının və Sankt-Peterburq Aerokosmik Cihazqayırma İnstitutu alimlərinin iştirakı ilə keçən beynəlxalq konfransda informasiya texnologiyalarının respublikamızın sosial-iqtisadi inkişafında rolu ilə bağlı məruzələr dinlənilmişdir.

Konfransın iştirakçılarına sosial-iqtisadi inkişafın və informasiya texnologiyalarının müasir problemlərinə həsr olunmuş əsərlər toplusu paylanmışdır. Burada Riyazi modelləşdirmə, optimal idarəetmə, dəqiq əkinçilik və sair istiqamətlər üzrə materiallar verilmiş toplu elmi işçilər, müvafiq ixtisaslar üzrə təhsil alan aspirantlar və tələbələr üçün böyük əhəmiyyətə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.