ELM VƏ TƏHSİL
BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ MƏZUN GÜNÜ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Abel Məhərrəmov tədbirdə çıxış edərək Azərbaycan təhsilinin inkişafına göstərilən dövlət qayğısından danışmışdır.
Rəhbərlik etdiyi ali təhsil müəssisəsində qazanılmış nailiyyətlərdən bəhs edən natiq diqqətə çatdırmışdır ki, cari tədris ilində bu universiteti 4 minə yaxın tələbə bitirmiş, onlardan 500-ə qədəri fərqlənmə diplomuna layiq görülmüşdür.
Təhsil naziri Misir Mərdanov xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, eyni zamanda, məzunlara xoş arzularını çatdırmışdır.
Təhsildə yüksək nəticələr əldə etmiş məzunlara fərqlənmə diplomları və fəxri fərmanlar təqdim edilmişdir.
Çıxış edən məzunlar onlara göstərilən etimadı doğruldacaqlarına söz vermiş, müstəqil Azərbaycan dövlətçiliyinə layiqincə xidmət edəcəklərini söyləmiş, minnətdarlıqlarını bildirmişlər.
Görüş maraqlı konsert proqramı ilə başa çatmışdır.