ELM VƏ TƏHSİL
BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ YENİ DƏRS İLİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Abel Məhərrəmov açaraq iştirakçıları yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə təbrik etdi. BDU-nu Azərbaycan təhsilinin flaqmanı adlandıran natiq, bu il universitetin 85 illiyinin qeyd ediləcəyini söylədi.
Cari ildə ali məktəblərə qəbul üçün ərizə vermiş abituriyentlərin 60 faizinin sənədlərində birinci olaraq BDU-nu yazdıqlarını deyən A.Məhərrəmov, universitetin birinci kurs tələbəsi adını cəmi 3 min 300 nəfərin qazandığını bildirdi. Ümummilli liderimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin universitetin məzunu olduğunu iftixarla qeyd edən rektor, gəncləri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkəmizin Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı.
Yığıncaqda çıxış edənlər son zamanlar təhsilimizlə bağlı Azərbaycan Prezidentinin imzaladığı Fərman və Sərəncamın tarixi əhəmiyyətindən, gənclərimizin qarşısında duran vəzifələrdən danışmış, tələbələri “Bilik günü” münasibətilə təbrik etmişlər.
Tədbirdə universitetin bütün fakültələri üzrə ən yüksək bal toplamış birinci kurs tələbələrinə təntənəli surətdə biletlər təqdim edildi.
Sonda Azərbaycan Respublikasının dövlət himninin sədaları altında ölkəmizin dövlət bayrağı qaldırıldı və yeni dərs ilinin başlanması elan edildi.