SİYASƏT
“BAKI” KİNO-KONSERT KOMPLEKSİ AZƏRBAYCANLA RUSİYANIN DOSTLUQ VƏ ƏMƏKDAŞLIĞININ RƏMZİ OLACAQ
Həmyerlilərimiz uzun illər yararsız vəziyyətdə olan kinoteatrı öz təşəbbüsləri və vəsaiti hesabına mədəniyyət mərkəzinə çevirmişlər və indi burada asudə vaxtı maraqlı keçirmək mümkün olacaqdır.
Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Moskva şöbəsinin sədri İlqar Hacıyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Moskvada paytaxtımızın adını daşıyan yeganə kinoteatrın yenidən qurulması ideyası çoxdan meydana çıxmışdı, lakin maliyyə problemləri bunu reallaşdırmağa imkan vermirdi. Onda ÜAK-ın Moskva şöbəsinin fəal üzvləri bu işə qoşuldular və şəxsi vəsaitləri hesabına layihəni gerçəkləşdirdilər. O, layihənin həyata keçirilməsində İlqar Bağırov, Camal Cəfərov, Anar Murtuzayev və başqalarının iştirakını xüsusi qeyd etdi.
Hazırda kinoteatrda bir kino salonu əvəzinə, 80-600 yerlik üç müasir genişekranlı salon, 2001-ci ildə Moskvada təsis edilmiş Nəsibə Zeynalova adına teatr, ənənəvi milli mətbəximizin təbliği ilə məşğul olan “Bakı” restoranı fəaliyyət göstərir. Bundan əlavə, kompleksdə müxtəlif mədəni-kütləvi tədbirlər, konsertlər, təqdimat mərasimləri və sərgilər keçirməkdə mümkündür. ÜAK-ın fəal dəstəyi ilə kompleksdə milli filmlərimiz nümayiş etdiriləcək, respublikamızın mədəniyyət xadimlərinin iştirakı ilə yaradıcılıq gecələri, tanınmış adamların yubileyləri keçiriləcəkdir. Kinoteatrın yerləşdiyi “Aeroport” rayonunun sakinləri üçün hər cümə günü pulsuz seanslar təşkil ediləcəkdir.
Kinoteatrın direktoru Lyudmila Sedovanın dediyinə görə, müasir tələblərə cavab verən kinoteatr hazırda Rusiya paytaxtında ən yaxşı kinoteatrlardan biridir. O vurğulamışdır ki, kompleks təkcə Rusiyada yaşayan azərbaycanlıların mədəniyyət mərkəzi deyil, həm də ölkələrimiz arasında dostluğun və sıx mədəni əlaqələrin rəmzinə çevriləcəkdir.