İQTİSADİYYAT
BAKI METROPOLİTENİNİN XƏTLƏRİNƏ DAHA 10 ƏDƏD YENİ VAQON BURAXILDI
Mərasimi Metropoliten İdarəsinin rəisi Tağı Əhmədov açaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin Bakı metrosunun inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır. O bildirmişdir ki, bu il Rusiyanın “Metrovaqonmaş” Açıq Səhmdar Cəmiyyətindən daha 15 ədəd yeni vaqon alınacaqdır. Qeyd edildi ki, son iki ildə Bakı Metropoliteninin polad magistrallarında istismara 60 ədəd yeni vaqon buraxılmışdır.
Dahi rəhbərimizin keçmiş SSRİ-nin ali hakimiyyətində təmsil olunduğu vaxt Səhmdar Cəmiyyətə göstərdiyi diqqət və qayğını həmin qurumun kollektivi tərəfindən unudulmadığını deyən Tağı Əhmədov bildirmişdir ki, Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq, 2004-cü ildə də metropoliten üçün zəruri olan yeni texnika və avadanlıq alınmasına dövlət budcəsindən xeyli vəsait ayrılmışdır.
Çıxış edən digər natiqlərin sərnişin nəqliyyatı sistemində son dərəcə əhəmiyyətli rol oynayan metronun yaradılmasında Heydər Əliyevin əvəzsiz xidmətlərini yada salaraq, əmin olduqlarını bildirmişlər ki, Prezident İlham Əliyev paytaxtın bu vacib nəqliyyat arteriyasının inkişafını diqqətdə saxlayacaqdır. Çünki metro gün ərzində fasiləsiz olaraq təqribən 19 saat sərnişinlərin xidmətindədir.
Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan 15 nəfər işçiyə üzvlük vəsiqələri təqdim olundu.
Qırmızı lent kəsiləndən sonra Tağı Əhmədov yeni vaqonlar qoşulmuş lokomotivlərin açarını maşinistlərə təqdim etdi. Qatarlar mərasim iştirakçılarının alqışları altında bir-birinin ardınca yola salındı. Beləliklə, Bakı Metropoliteninin çoxminlik kollektivi növbəti dəfə ikiqat sevinc hissini yaşadı.