İQTİSADİYYAT
BAKI METROPOLİTENİNİN XƏTLƏRİNƏ DAHA 10 ƏDƏD YENİ VAQON BURAXILDI
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov mərasimi açaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin Bakı metrosunun inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır.
O, daha sonra bildirmişdir ki, bu il Rusiyanın “Metrovaqonmaş” Açıq Səhmdar Cəmiyyətindən 20 ədəd yeni vaqon alınmış, onlardan 10-u ümummilli liderimiz Heydər Əliyevin ad günündə - mayın 10-da xəttə buraxılmışdır. İlin sonunadək daha 5 ədəd yeni vaqon gətiriləcəkdir. Ümumiyyətlə, son iki ildə Bakı Metropoliteninin polad magistrallarında istismara 70 ədəd yeni vaqon buraxılmışdır.
Ulu öndərimizin keçmiş SSRİ-nin ali hakimiyyətində təmsil olunduğu dövrdə Səhmdar Cəmiyyətə göstərdiyi diqqət və qayğını müəssisənin kollektivi tərəfindən unudulmadığını deyən Tağı Əhmədov Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq, 2004-cü ildə də metropoliten üçün yeni texnika və avadanlıq alınması istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Çıxış edən digər natiqlər sərnişin nəqliyyatı sistemində son dərəcə əhəmiyyətli rol oynayan metronun yaradılmasında Heydər Əliyevin əvəzsiz xidmətlərini yada salaraq, Prezident İlham Əliyevin paytaxtın bu vacib nəqliyyat arteriyasının inkişafına göstərdiyi diqqətdən razılıq etmişlər.
Qırmızı lent kəsiləndən sonra Tağı Əhmədov yeni vaqonlar qoşulmuş lokomotivlərin açarını maşinistlərə təqdim etmişdir. Qatarlar mərasim iştirakçılarının alqışları altında bir-birinin ardınca yola salınmışdır. Beləliklə, Bakı Metropoliteninin çoxminlik kollektivi növbəti dəfə sevinc hissini yaşadı.
Baş nazirin müavini Abid Şərifov mərasimdə iştirak etmişdir.