İQTİSADİYYAT
BAKI-MİNERALNIYE VODI-BAKI MARŞURUTU ÜZRƏ YENİ AVİAREYS AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Qafqazskiy Mineralnıye Vodı” hava limanında təyyarəni Mineralnıye Vodı şəhər administrasiyası, Rusiya Federasiyasının “Aeroflot” Açıq Səhmdar Cəmiyyəti, “Qafqazskıye Mineralnıye Vodı” aviasiya müəssisəsinin nümayəndələri, regiondakı sanatoriyaların rəhbərləri və “Azərbaycan Hava Yolları”nın Rusiyadakı baş nümayəndəliyinin əməkdaşları duz-çörəklə qarşılamışlar.
Qarşılanma mərasimi aeroport binasında davam etdirilmişdir. Bu yeni marşrutla əlaqədar çıxış edənlər Azərbaycan-Rusiya münasibətlərinin inkişafında hava nəqliyyatı əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən, ölkələrimiz arasında dostluğun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən uğurla davam etdirildiyindən danışmışlar. Natiqlər əmin olduqlarını bildirmişlər ki, yeni açılan aviareys Rusiyanın şimalındakı sanatoriyalarda azərbaycanlıların istirahət etmələri üçün əlverişli imkan yaradacaqdır. Onlar Mineralnıye Vodı şəhərində “Azərbaycan Hava Yolları” Dövlət Konserninin Rusiyadakı baş nümayəndəliyinin şöbəsinin açılmasını da yüksək qiymətləndirmiş və əminliklə demişlər ki, bu qurum regiondakı şəhərlərlə Azərbaycan arasında yeni hava nəqliyyatı marşurutlarının açılması və reyslərin sayının artırılması istiqamətində çox iş görəcəkdir.
Hələlik, “Azərbaycan Hava Yolları”na məxsus “TU-134” təyyarəsi yeni marşrut üzrə həftənin şənbə günləri uçacaqdır. Biletləri 130 ABŞ dollarına almaq olar. İkitərəfli uçuşun qiyməti isə 230 dollardır.