ELM VƏ TƏHSİL
BAKI SLAVYAN UNİVERSİTETİNDƏ KONFRANS
Bakı Slavyan Universitetində regionşünaslıq və tərcümə fakültəsi 3-cü kurs tələbələrinin istehsalat təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilmişdir. Universitetin rektoru, professor Kamal Abdullayev konfransı açaraq, istehsalat təcrübəsinin tələbələrin gələcək fəaliyyətində rolundan danışmış, yaradılan qarşılıqlı münasibətlərin həm tələbələrin təcrübə keçəcəkləri nazirliklər, qeyri-hökumət təşkilatları, tərcümə mərkəzləri, kütləvi informasiya vasitələri üçün, həm də universitet üçün vacibliyini vurğulamışdır. Rektor tələbələri təhsil aldıqları ali məktəbin nüfuzunu yüksək tutmağa, təcrübə keçəcəkləri təşkilatlarda onu layiqincə təmsil etməyə çağırmışdır. Sonra Azərbaycan Qeyri-hökumət Təşkilatları Milli Forumunun prezidenti Azay Quliyev çıxış edərək bildirmişdir ki, onun başçılıq etdiyi qurum ötən il orada təcrübə keçmiş tələbələrdən razı qalmışdır. O, məzunları həm hökumət, həm də qeyri-hökumət təşkilatlarının fəal əməkdaşları kimi görmək istədiyini söyləmişdir. Konfransda Siyasi İnformasiya və Texnologiya Mərkəzinin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşları da iştirak edirdilər.