ELM VƏ TƏHSİL


BAKI SLAVYAN UNİVERSİTETİNDƏ MƏTBUAT KONFRANSI

Bakı Slavyan Universitetində bu ali məktəbin rektoru professor Kamal Abdullayevin ABŞ-a səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

Xatırladaq ki, noyabrın 20-də Nyu-Yorkda Kolumbiya Universitetinin Harriman İnstitutunda ilk dəfə olaraq Azərbaycan mədəniyyəti günləri keçirilmiş və bununla əlaqədar BSU-nun rektoru, Azərbaycan Mədəniyyət Fondunun sədri Kamal Abdullayev mühazirə oxumaq üçün həmin instituta dəvət edilmişdi. Xatırladaq ki, keçmiş sovet respublikaları üzrə ABŞ-ın tədqiqat mərkəzlərindən biri olan Harriman İnstitutunda sabiq İttifaqın bir sıra görkəmli dövlət xadimləri mühazirələr oxumuşlar. Görkəmli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də həmin institutun qonağı olmuşdur.

Harriman İnstitutunda Azərbaycan mədəniyyəti günləri keçirilməsi təklifi Kolumbiya Universiteti nəzdində fəaliyyət göstərən “Azərbaycan Tələbələri İttifaqı”ndan daxil olmuşdu. Bu tədbiri keçirməkdən əsas məqsəd Amerika Birləşmiş Ştatlarında Azərbaycanın zəngin mədəniyyətini təbliğ etmək idi.

K.Abdullayev bildirdi ki, o, mühazirədən əvvəl Azərbaycan mədəniyyətinin indiki vəziyyəti barədə dinləyicilərə məlumat vermişdir. “Azərbaycanda Avrasiya ideyalarının perspektivləri” mövzusunda mühazirəsi isə Avrasiya ideyalarının yaranması tarixinə, onun nümayəndələrinə, əsas istiqamətlərinə həsr olunmuşdu.

Avrasiya ideyalarının inkişaf perspektivlərinə gəldikdə isə rektor dedi ki, Azərbaycan yalnız iqtisadi və mədəni Avrasiya ideyasını dəstəkləyir və Rusiyanın bəzi politoloqları və siyasətçiləri tərəfindən irəli sürülən siyasi Avrasiya ideyasını rədd edir.

Mətbuat konfransında bildirildi ki, mədəniyyət günləri zamanı Azərbaycan kitablarının sərgisi təşkil edilmiş, videokasetlər göstərilmiş, Azərbaycan musiqisi səslənmiş, milli xörəklərimiz nümayiş etdirilmişdir.

Səfər zamanı Harriman İnstitutu ilə Bakı Slavyan Universiteti arasında tələbə mübadiləsi barədə də razılıq əldə olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.