ELM VƏ TƏHSİL
BAKI SLAVYAN UNİVERSİTETİNDƏ RUSİYA MƏDƏNİYYƏT-TƏDRİS MƏRKƏZİ AÇILMIŞDIR
Sentyabrin 27-də Bakı Slavyan Universitetində “Moskva auditoriyası” Rusiya mədəniyyət-tədris mərkəzinin açılış mərasimi olmuşdur.
Mərasimdə Moskva hökumətində merin birinci müavini Lyudmila Şvetsova başda olmaqla Moskva hökuməti nümayəndə heyətinin üzvləri iştirak etmişlər.
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev və Lyudmila Şvetsova açılışı bildirən lenti kəsdikdən sonra mərasim iştirakçıları Mərkəzlə tanış oldular. Mərkəzdə Moskva və moskvalılar haqqında sərgi, kitabxana, tədris auditoriyası və s. vardır. Mərkəzin avadanlığının ümumi dəyəri 30 min dollardır.
Mərkəzin açılışından sonra Moskva hökuməti üzvlərinin universitetin professor-müəllim heyəti ilə görüşü oldu. Görüşdə çıxış edən rektor Kamal Abdullayev Azərbaycan-Rusiya münasibətlərinin inkişafından ətraflı danışdı, Mərkəzin təşkilinə görə Moskva hökumətinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Lyudmila Şvetsova Moskva və Azərbaycan hökumətləri arasında əlaqələrin genişləndiyini, habelə Rusiya paytaxtının universitetləri ilə Bakı Slavyan Universitetinin fəal əməkdaşlığının əhəmiyyətini vurğuladı.
Görüşdə baş nazirin birinci müavini Abbas Abbasov da çıxış edərək, ölkələrimizin universitetləri arasında əlaqələrin möhkəmləndirilməsi sahəsində fəaliyyətlərinə görə Lyudmila Şvetsovaya və nümayəndə heyətinin üzvlərinə minnətdarlığını bildirdi.