ELM VƏ TƏHSİL
BAKI SLAVYAN UNİVERSİTETİNDƏ YENİ İXTİSASLAR ÜZRƏ İLK BURAXILIŞ
Bu il Bakı Slavyan Universtitetində yunanşünaslıq və rusiyaşünaslıq ixtisasları üzrə ilk buraxılış olmuşdur. Xatırladaq ki, Bakı Slavyan Universiteti yaradıldıqdan sonra, burada yeni fakültələr, kafedralar, laboratoriyalar açılmış yeni ixtisaslar üzrə kadr hazırlığına başlanmışdır. Universitetdə filologiya, pedaqogika fakültələri ilə yanaşı, tərcümə və regionşünaslıq fakültələri də fəaliyyət göstərir. Tələbələr burada Azərbaycan, türk, rus, Ukrayna, çex, bolqar, polyak, slovak, yunan dillərini və ədəbiyyatını, tarix və mədəniyyətini, bu ölkələrin beynəlxalq münasibətlərini və diplomatiya tarixini öyrənirlər. Bu ixtisaslara yiyələnən məzunlar dövlət, qeyri-hökumət təşkilatlarında, beynəlxalq təşkilatlarda, kütləvi informasiya vasitələrində işləyə biləcəklər. Adları çəkilən ixtisaslar üzrə kadr hazırlığına böyük əhəmiyyət verilir. Odur ki, universitetdə Respublikamızın görkəmli alimlərini, dövlət xadimlərini dövlət imtahan komissiyasının tərkibinə daxil etmək ənənə halını almışdır. Bu il tərcümə və regionşünaslıq üzrə dövlət imtahan komissiyasına xarici işlər naziri Vilayət Quliyev və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov sədrlik edirdilər. Tanınmış mütəxəssisləri digər ixtisaslar üzrə də dövlət imtahanlarına cəlb etmək nəzərdə tutulmuşdur.