ELM VƏ TƏHSİL
BAKI SLAVYAN UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ TƏHSİLLƏRİNİ POLŞADA DAVAM ETDİRƏCƏKLƏR
Bakı Slavyan Universitetinin polyak dili və ədəbiyyatı şöbəsi 1996-cı ildə açılmışdır. O vaxtdan bəri universitet Polşanın müxtəlif ali məktəbləri ilə müntəzəm əlaqələr saxlayır. Bu günlərdə universitetdə Polşa Təhsil və Beynəlxalq Tələbə Mübadiləsi Bürosunun direktoru, doktor Boquslav Şimanski, bu ölkənin Təhsil və İdman Nazirliyinin beynəlxalq əməkdaşlıq departamenti direktorunun müavini doktor Eva Suska, Poznandakı Adam Mitskeviç adına Universitetin Dilçilik İnstitutunun metodologiya və linqvistika kafedrasının rəhbəri, professor Tadeuş Zqulka ilə görüş keçirilmişdir. Qonaqlara BSU-nun fəaliyyəti, tələbələrin yiyələndikləri ixtisaslar barədə məlumat verilmiş,ölkələrimizin ali məktəbləri arasında sıx əlaqələr yaradılmasının zəruriliyi vurğulanmışdır. Universitetin rektoru, professor Kamal Abdullayevlə görüşdə 5 nəfər üçüncü kurs tələbəsinin təhsil almaq üçün bir illiyə Polşaya göndərilməsi barədə razılaşma əldə olunmuşdur.