İQTİSADİYYAT
BAKI-TBİLİSİ-ƏRZURUM İXRAC QAZ BORU KƏMƏRİNİN İSTİSMARA VERİLMƏSİ ÖLKƏMİZİN BEYNƏLXALQ NÜFUZUNU XEYLİ ARTIRACAQDIR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, "Şahdəniz" yatağından hasil olunacaq təbii qazın dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz) ixrac qaz boru kəmərində tikinti işləri başa çatmaq üzrədir. Bu kəmərin işə düşməsi ilə Azərbaycan həm özünün, həm də Türkiyə və Gürcüstanın təbii qaza olan tələbatını ödəyəcəkdir. İlkin hesablamalara görə, "Şahdəniz" yatağının işlənməsi üzrə "Mərhələ-1" çərçivəsində ARDNŞ-in 615,8 milyon ABŞ dolları məbləğində xalis gəlir əldə edəcəyi proqnozlaşdırılır. Cənubi Qafqaz qaz kəmərinin istismara verilməsindən sonra Azərbaycan nəinki neft, həmçinin qaz ixrac edən bir ölkəyə çevriləcəkdir. "Şahdəniz" yatağındakı ehtiyatların əhəmiyyətli hissəsi hasil olunaraq, Türkiyəyə, oradan isə Avropa bazarlarına çıxarılacaqdır. Artıq Yunanıstan, İtaliya, Ukrayna, Baltikyanı dövlətlər bu layihəyə maraq göstərirlər. Ölkədə həyata keçirilən nəhəng layihələr, xüsusilə BTC-nin ardınca Cənubi Qafqaz boru kəmərinin də istifadəyə verilməsi Azərbaycanı regionda qabaqcıl mövqeyə çıxaracaq, ölkəmiz Avrotlantik məkanının enerji təhlükəsizliyində mühüm rol oynayacaq, müstəqil dövlətimizin siyasi mövqeyi daha da möhkəmlənəcəkdir.