İQTİSADİYYAT
BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİNİN TİKİNTİSİNİN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ DAİR DANIŞIQLAR DAVAM EDİR
ARDNŞ-ın xarici sərmayələr idarəsinin rəisi Valeh Ələsgərov Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin tikintisinin maliyyələşdirilməsinə dair danışıqlar aparmaq üçün Vaşinqtonda səfərdədir. AZƏRTAC-ın müxbiri ilə söhbətində danışıqların gedişatını müsbət qiymətləndirən Valeh Ələsgərov bildirmişdir ki, sponsor qrupu adından maliyyə təsisatları və banklarla müzakirələr aparan ARDNŞ və bp layihə üzrə müfəssəl mühəndislik işlərinin müəyyən olunmuş vaxtdan, yəni bu il iyunun 19-dan da tez qurtaracağını güman edir. Dərhal sonra isə tikinti materialları, avadanlıq, boru və nasosların alınması üzrə şirkətlərlə razılaşmalar imzalanacaq və bilavasitə tikintiyə başlanacaqdır.
Türkiyənin BOTAS şirkətinin xarici əlaqələr və strategiyalar şöbəsinin müdiri Cenk Pala da təsdiqləmişdir ki, hazırda görülən işlər müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçirilir və bütün səylər 2005-ci ildə kəmərlə neftin nəqlini təmin etməyə yönəldilmişdir. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində geniş auditoriya qarşısında çıxış edən BOTAS nümayəndələri, habelə ABŞ Dövlət departamentinin Xəzər hövzəsi diplomatiyası üzrə xüsusi nümayəndəsi Castin Fridman əsas ixrac boru kəmərinin təhlükəsizliyinin təmin olunmasına dair ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, Türkiyənin baş naziri Bülənd Ecevitin ABŞ vitse-prezident Ricard Çeyni ilə görüşündə də BTC layihəsi diqqət mərkəzində olmuş, tərəflər bir daha vurğulamışlar ki, o, strateji cəhətdən mühüm, iqtisadi cəhətdən sərfəlidir. Əgər əvvəllər Xəzər neftinin həcmi və ya digər məsələlər barədə şübhələr var idisə, onların hamısı bu günədək görülən işlər nəticəsində aradan qalxmışdır.
BOTAS nümayəndələri xatırlatmışlar ki, kəmərin keçəcəyi tranzit ölkələrdə siyasi və iqtisadi sabitliyin hökm sürməsi BTC-nin, habelə yanaşı çəkiləcək Bakı-Ərzurum qaz kəmərinin təhlükəsizliyinin təmin edilməsində əvəzsizdir.
Layihənin region ölkələrini biri-birinə bağlayaraq iqtisadi gəlir mənbəyinə çevriləcəyini bildirən BOTAS nümayəndələri bu kəmərin Yaxın Şərq enerji mənbələrinə alternativ olduğunu vurğulamışlar. Bilavasitə tikinti prosesində işçilərin, avadanlığın təhlükəsizliyinin təminatına başlanacağını söyləyən BOTAS-ın müdafiə katibi Kamal Kılıc bildirmişdir ki,Türkiyə, Azərbaycan və Gürcüstan arasında razılaşmaya əsasən, BOTAS Azərbaycan və Gürcüstan nümayəndələri ilə müvafiq təlim keçəcəkdir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton