İQTİSADİYYAT
BAKI-TBİLİSİ-CEYHAN KƏMƏRİ İLƏ DAŞINACAQ QAZAXISTAN NEFTİNİN HƏCMİ ARTIRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın “Tengiz” yatağında hasil olunan neftin yaxın günlərdə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixracına başlanılacaqdır.
bp şirkətinin operatoru olduğu layihə əsasında, kəmərə vurulacaq Qazaxıstan nefti Aktaudan Azərbaycana tankerlər vasitəsi ilə çatdırılacaqdır. Qazaxıstan neftinin noyabrın ortalarında Türkiyənin Ceyhan limanında tankerlərə yüklənməsi nəzərdə tutulur.
bp şirkətindən bildirilmişdir ki, BTC boru kəməri ilə ixrac edilən Qazaxıstan neftinin ilkin həcmi ildə 2 milyon tondan 5 milyon tona qədər artırılmışdır və gələcəkdə bu rəqəmin 20 milyon tona çatdırılması planlaşdırılır. İxrac olunacaq neftin həcminin artırılması həm ABŞ və Avropa İttifaqı ölkələri, həm də Qazaxıstanın marağındadır.
Qazaxıstanın Baş naziri Kərim Məsimov ölkəsinin enerjidaşıyıcılarının dünya bazarına nəqlində çoxşaxəlilik prinsipinin tərəfdarı olduğunu bildirərək, diqqəti Azərbaycan istiqamətinə yönəltmişdir. Baş nazir demişdir ki, Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə dünya bazarlarına çatdırılması prosesində ən mühüm addım Xəzər dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan boru kəmərlərinin tikintisi olacaqdır. Hazırda bu layihənin texniki-iqtisadi əsaslandırılması üzərində iş aparılır.