İQTİSADİYYAT
BAKI-TBİLİSİ-CEYHAN XƏTTİNİN GÜRCÜSTAN HİSSƏSİNDƏ İŞLƏR GENİŞLƏNİR
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Gürcüstan hissəsində tikinti işlərini aparan “BTC Co” şirkətinin baş icraçı direktoru Maykl Taunsend Tbilisidə yerli və xarici jurnalistlərlə görüşündə inşaat işlərinin gedişi barədə ətraflı məlumat vermişdir. AZƏRTAC-ın xüsusi müxbiri Tbilisidən xəbər verir ki, icraçı direktorun dediyinə görə, tikinti eyni vaxtda 15 müxtəlif sahədə aparılır. Qalan iki sahədə isə işlərə iyulun ortalarında başlanacaqdır. Görüşdə BTC boru xəttinin Borjomi bölgəsində ətraf mühitə təsiri yenə də diqqət mərkəzində olmuşdur. Cənab Tausend demişdir ki, bununla əlaqədar narahatlı tamamilə əsassızdır, çünki bölgənin ətraf mühitinə zərər vurulmaması üçün hər cür lazımi tədbirlər nəzərdə tutulmuşdur. O, vəziyyətlə yerindəcə tanış olmaq və bu barədə söz-söhbətlərə son qoymaq üçün yaxın günlərdə jurnalistlərin Borjomi dərəsinə səfərinin təşkil ediləcəyini söyləmişdir.