SİYASƏT
BAK Niderlanddakı soydaşlarımız üçün xüsusi layihə hazırlamışdır
Paris, 31 yanvar ( AZƏRTAC ). AZƏRTAC xəbər verir ki, Niderlandda fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi (BAK) bu ölkədə yaşayan soydaşlarımızın bir qrupunun Belçika və Fransaya ikigünlük ekskursiyasını təşkil etmişdir. Soydaşlarımız Brüsselin və Parisin tarixi abidələri, görməli yerləri ilə tanış olmuşlar.
Parisdə olarkən soydaşlarımız Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamentinin rəhbəri Əlimərdan bəy Topçubaşovun Sən-Klu qəbiristanlığındakı məzarını da ziyarət etmişlər.
Qrupun rəhbəri, BAK-ın fəxri sədri Sahil Qasımov AZƏRTAC-ın xüsusi müxbirinə demişdir ki, Konqres Azərbaycan ilə bağlı həqiqətlərin təbliği, milli və dövlət bayramlarımızın təntənəli şəkildə qeyd olunması ilə yanaşı, soydaşlarımızın asudə vaxtlarının səmərəli təşkili üçün layihə hazırlamışdır. Belçika və Fransaya təşkil olunmuş ekskursiya belə tədbirlərdən biridir. Gələcəkdə Lüksemburq, Almaniya, Praqa, Vyana, Barselona və Avropanın tarixi abidələrlə zəngin digər şəhərlərinə də gəzintilər təşkil ediləcəkdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris