Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BƏLƏDİYYƏLƏRƏ DAİR AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 405; 2001-ci il, № 11, maddələr 689, 690, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 242; 2003-cü il, № 1, maddələr 11, 16, № 6, maddə 256; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 202, № 5, maddə 314, № 6, maddə 397; 2005-ci il, № 2, maddə 62; 2006-cı il, № 2, maddə 67) 4-cü maddəsinin 2-ci bəndinə aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. ikinci cümlədən “mərasim xidmətlərinin təşkili və qəbiristanların qorunması,” sözləri çıxarılsın;

2. bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların qorunması, abadlaşdırılması, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır.”.

II. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 690; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 242; 2004-cü il, № 4, maddə 202; 2005-ci il, № 2, maddə 62) 8-ci maddəsinin 2-ci bəndinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədi ilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir.”.

III. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 8, maddə 520; 2004-cü il, № 5, maddə 314; 2005-ci il, № 2, maddə 62; 2006-cı il, № 6, maddə 486, № 11, maddə 923) 9-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 9.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.”.

2. 9.4-cü maddədən “, bir qayda olaraq,” sözləri çıxarılsın.

3. 9.5-ci maddədə “hüquqlarının” sözündən sonra “əldə edilməsində” sözləri əlavə edilsin.

4. 9.5-ci maddənin ikinci cümləsi çıxarılsın.

5. 9.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.”.

IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin