SİYASƏT
BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNƏ İNZİBATİ NƏZARƏT HAQQINDA QANUN YAZ SESSİYASINDA QƏBUL EDİLƏCƏKDİR
Milli Məclisin regional məsələlər daimi komissiyasının növbəti iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun layihəsinin müzakirəsi 3-cü oxunuşda davam etdirilmişdir.
Layihədə göstərilir ki, bu qanun Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş qaydada həyata keçirir.
Komissiyanın sədri Zahid Qaralov demişdir ki, layihə 1-ci və 2-ci oxunuşlarda müzakirə edilərkən deputatların irad və təkliflərinin hamısı nəzərə alınmışdır. Mübahisə doğuran yeganə məsələ bələdiyyələr qanunları pozduqda müvafiq icra orqanının məhkəməyə müraciət etməsi məsələsi ilə bağlı idi. Həmin maddə dəyişdirilmişdir. Bu dəyişikliyə görə, bələdiyyələrin fəaliyyətində aşkara çıxarılan pozuntular yalnız ciddi xarakterli olduqda məhkəmələrə müraciət ediləcəkdir. Yüngül xətalara görə bələdiyyələrə səhvlərini düzəltmək üçün vaxt veriləcəkdir.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun parlamentin yaz sessiyasında qəbul ediləcəkdir.