İQTİSADİYYAT
BƏLƏDİYYƏ QƏSƏBƏNİN SOSİAL PROBLEMLƏRİNƏ DİQQƏT YETİRİR
Şamaxının Şəhriyar adına qəsəbə bələdiyyəsindən AZƏRTAC-a demişlər ki, “Nanəli” və “Bayat” su nasos stansiyalarının əsaslı təmirindən sonra sakinlərin içməli su problemi tamamilə həll edilmişdir. Daxili imkanlar hesabına 2 kilometrlik yüksək gərginlikli hava xəttinin qaydaya salınması elektrik enerjisi təchizatını yaxşılaşdırmışdır. Şamaxıdan qəsəbəyə gələn yolda bələdiyyənin vəsaiti hesabına 20 milyon manatlıq əsaslı təmir işləri aparılmış, 1 kilometr daxili yollara çınqıl döşənmişdir.
Bələdiyyənin mülkiyyətində olan ikimərtəbəli inzibati binanın birinci mərtəbəsində istifadəyə verilmiş şadlıq evində toy və bayram mərasimləri keçirilir.
Hazırda qəsəbə sakinlərinin məşğulluğunun təminatı üçün dəyirman tikmək, ötən əsrin 90-cı illərinin əvvəllərində baxımsızlıq və sahibsizlik üzündən məhv olmuş üzüm plantasiyalarını bərpa etmək, şərab zavodunu işə salmaq, 2 min başlıq heyvandarlıq kompleksini yenidən qurmaq üçün işlər görülür.