REGİONLAR
BALAKƏNDƏ FARAŞ TƏRƏVƏZ ƏKİNİ DAVAM EDİR
Balakən rayonunun şəxsi təsərrüfatlarında faraş tərəvəz əkini davam edir. Hazırda tərəvəz şitilləri istixanalara köçürülür. İndiyədək 450 hektardan artıq sahədə faraş tərəvəz əkilmişdir. Əvvəlki illərdə olduğu kimi, indi də kənd adamları bu gəlirli sahəyə böyük maraq göstərirlər. Xatırladaq ki, ötən il Balakən rayonunda istehsal olunmuş 19,3 min ton tərəvəz məhsulunun yarıdan çoxunu faraş tərəvəz təşkil etmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda təsərrüfatlarda kartof, qarğıdalı və digər yazlıq bitkilərin əkini də müvəffəqiyyətlə davam etdirilir. İndiyədək 350 hektar sahədə kartof əkilmişdir.