REGİONLAR
BALAKƏNDƏ KƏND TƏSƏRRÜFATI MƏHSULLARI ISTEHSALI ARTIB
Balakən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2004-cü ildə rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 113,7 milyard manat təşkil etmişdir. Bu, əvvəlki illə müqayisədə 14,6 milyard manat və ya 14,8 faiz çoxdur.
Aqrar islahatların müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində 2004-cü ildə rayonda bəzi kənd təsərrüfatı məhsulları istehsalında yüksək artım müşahidə olunmuşdur. Fermerlər ötən il 4635 hektar sahədən rekord miqdarda - 19 min tona yaxın qarğıdalı dəni məhsulu əldə etmişlər. Bu, 2003-cü illə müqayisədə 4,1 min ton çoxdur. Əvvəlki ilə nisbətən tərəvəz məhsulları istehsalı 1200 ton, kartof istehsalı 341 ton, tütün istehsalı 28,5 ton, ət (diri çəkidə) istehsalı 133 ton artmış, qaramalın, davarların, quşların sayı çoxalmışdır.
Hesabat ilində rayon üzrə ümumi daxili məhsul (ÜDM) istehsalında kənd təsərrüfatının xüsusi çəkisi 75 faiz təşkil etmişdir.