REGİONLAR
BALAKƏNDƏ KƏND TƏSƏRRÜFATI MƏHSULU İSTEHSALI 66,5 FAİZ ARTMIŞDIR
Balakən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən il rayonda 197,7 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 66,5 faiz çoxdur. Hesabat dövründə rayon üzrə istehsal edilmiş ümumi daxili məhsulda kənd təsərrüfatı məhsulunun xüsusi çəkisi 80,7 faiz təşkil etmişdir.
Keçən il rayonda kənd təsərrüfatı istehsalçılarına xidmət göstərmək üçün 4 özəl aqrotexservis müəssisəsi, habelə 4 özəl toxumçuluq təsərrüfatı yaradılmış, gübrə satışı üzrə 10, toxum satışı üzrə isə 7 mağaza fəaliyyətə başlamışdır. İpəkqurdu toxumu zavodunun işə salınması nəticəsində isə ötən il rayonda 100 kiloqramdan artıq toxum istehsal olunmuşdur. Qaramalın cins tərkibini yaxşılaşdırmaq və damazlığı gücləndirmək məqsədi ilə 4 özəl damazlıq təsərrüfatı da fəaliyyətə başlamış, Kənd Təsərrüfatı Nazirliyindən 2 dəst süni mayalandırma avadanlığı alınaraq, mütəxəssislərin istifadəsinə verilmişdir.