İQTİSADİYYAT
BALAKƏNDƏ YENİ ATS İSTİFADƏYƏ VERİLMİŞDİR
Balakən rayonunun İtitala kəndində 128 nömrə tutumlu elektron tipli yeni ATS istifadəyə verilmişdir. Əvvəllər yalnız bir ədəd telefona malik olan bu kənddə hazırda vətəndaşların mənzillərinə və sosial obyektlərə telefon çəkilişi davam edir.
Rayon telekommunikasiya qovşağının rəisi Nizami Əliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Türkiyənin “Alkatel-Teletaş” şirkəti ilə bağlanmış müqaviləyə əsasən rayon mərkəzindəki elektron tipli ATS-in tutumunun daha 512 nömrə artırılması nəzərdə tutulur. Bu məqsədlə ilkin olaraq 20 min ABŞ dolları məbləğində vəsait şirkətin hesabına köçürülmüşdür. ATS-in tutumunun genişləndirilməsi hesabına şəhər ərazisində, habelə Qullar, Mahamalar, Tülü, Qazbinə, Poşbinə və Salban kəndlərində telefon abunəçilərinin sayı xeyli artacaqdır.
Cari ilin 9 ayında rayonda 171 mənzilə telefon çəkilmişdir.