MƏDƏNİYYƏT
BALAKƏN RAYONUNUN ƏRAZİSİNDƏ BEŞ MİN İLLİK TARİXƏ MALİK ABİDƏLƏR AŞKARLANMIŞDIR
Bakı, 24 avqust (AZƏRTAC). Balakən rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı 5 min illik tarixə malik məişət və dəfn mədəniyyətinə aid maddi abidələr aşkarlanmışdır. Tədqiqatın hələ ilk mərhələsində olmasına baxmayaraq, arxeoloqlar tariximizin zənginliyini sübut edən xeyli dəlillər üzə çıxarmışlar.
Balakənin Qazmalar kəndinin “Qoztala” adlanan ərazisində aşkarlanan arxeoloji mədəniyyət qalığı torpaq təpə kurqan tipinə aiddir.
Arxeoloqların fikrincə, burada Azərbaycanın qədim dövrlərinə dair kurqanaltı dəfn adətləri izlənilə bilər. Kurqanaltı dəfn adətinin Azərbaycanda ən qədimi eramizdan əvvəl V minilliyə aid olmuşdur. Hazırda aparılan arxeoloji kəşfiyyat işləri zamanı kurqanın yerüstü hissəsindən sonrakı dövrlərə, xüsusən Qafqaz Albaniyasının mövcud olduğu zamanlara aid qəbirlər, daş qurğular, divar qalıqları aşkar edilmişdir.
AZƏRTAC xəbər verir ki, çıxarılmış keramika məmulatı Qafqaz Albaniyasının eramızdan əvvəl II, III, eramızın III və IV əsrlərinə aid sənətkarlığı, məişəti barədə tutarlı məlumatlar verir. Aşkar olunan daşlar, daş fiqurlar isə təpədə kurqanaltı dəfndən sonrakı müddətdə dini, mülki və ictimai fikirlərin mövcudluğu haqqında fikir söyləməyə imkan yaradır.
Abidə öyrənilərkən məlum olmuşdur ki, burada inşaat işləri zamanı tikinti materialı kimi daş və torpaq məhluldan istifadə edilmişdir. Kurqanda 30 santimetrdən başlamış 2 metrədək dərinlikdə müxtəlif səviyyələrdə aşkar olunan ocaq yerləri çoxçeşidli dəfn adəti haqqında təsəvvür yaradır. Eyni zamanda, burada yandırma üsulu ilə basdırılmış cəsəd də aşkar edilmişdir. Maraqlıdır ki, bu qəbir digərlərindən daha dərin qazılması ilə fərqlənir.
Hazırda ərazidə arxeoloji tədqiqatlar davam etdirilir.