İQTİSADİYYAT
“BALAXANINEFT” NQÇİ ÖTƏN RÜBÜ YÜKSƏK GÖSTƏRİCİLƏRLƏ BAŞA VURMUŞDUR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a verilən məlumata görə, 136 yaşı tamam olan “Balaxanıneft” Neft və Qaz Çıxarma İdarəsi (NQÇİ) 2007-ci ilin I rübündə 54 min 929 ton neft hasil etmişdir ki, bunun da 3.210 tonu proqnozlaşdırılandan əlavədir. Yataq üzrə gündə proqnozdan əlavə 35 ton neft hasil edilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 104,1 faiz artım qeydə alınmışdır.
İlin əvvəlindən bəri yataqdan 8,2 milyon kubmetr qaz hasil edilmişdir ki, bu da proqnoza 161,6 faiz əməl edilməsi deməkdir.
“Balaxanıneft” NQÇİ “Azneft” İB üzrə ən böyük quyu fonduna malik idarədir. Ötən il fəaliyyətsiz fonddan 29 quyu, qazmadan isə 9 quyu istismara daxil edilmişdir. Bu ilin I rübündə ötən ilin müvafiq dövrünə nisbətən qazma işləri 4 dəfə artırılaraq 915 metrdən 4 300 metrə çatdırılmışdır. 1-i neft, 1-i isə qaz quyusu olmaqla, 2 yeni quyu istismara verilmişdir. 57 geoloji-texniki tədbir həyata keçirilmişdir. Bu il fəaliyyətsiz fonddan 30 quyunu fəaliyyətdə olan fonda daxil etmək və 9 yeni quyu qazmaq nəzərdə tutulmuşdur.
İdarənin balansında olan Balaxanı-Sabunçu-Ramana yatağı 26 məhsuldar horizontdan ibarətdir və sonuncu hesablamalara görə onların hər birindən neft hasil etmək mümkündür. Yüksək keyfiyyətli Balaxanı neftindən “Azərneftyağ” zavodunda nadir, donmayan yağ istehsal edilir.