İQTİSADİYYAT
BALIQ ZAVODUNUN FƏALİYYƏTİ BƏRPA OLUNACAQ
Səhmdar Cəmiyyətin fəaliyyət göstərdiyi ərazidə 9 balıqovlama vətəgəsi vardır. Bu günlərdə daha 2 vətəgənin fəaliyyəti bərpa edilmişdir. Vətəgələrdə 122 nəfər işlə təmin olunmuşdur. Gələn il daha 19 vətəgənin açılması nəzərdə tutulmuşdur. Bu vətəgələrdə 250 nəfər balıq ovu ilə məşğul olacaqdır.
“Astara-Balıq” ASC-nin fəaliyyətinin genişləndirilməsinə dair yaxın 3 il üçün biznes-planın layihəsi hazırlanmışdır. Rayonda balıq ovunu və balıq məhsulları istehsalını genişləndirmək məqsədi ilə 500 milyon manat həcmində yenidənqurma işi görüləcəkdir. Layihəyə əsasən duzlama, hisləmə, soyuducu və nərə cinsli balıq kürüsü istehsalı sexinin təmir edilməsi və işə salınması nəzərdə tutulmuşdur.
Layihənin həyata keçirilməsi nəticəsində yerli və xarici bazarlara rəqabətə davamlı məhsullar çıxarılacaqdır.
“Astara-Balıq” ASC-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, əsas məqsəd müəssisəni tam gücü ilə işlətməkdir. Bu halda işçilərin sayı 500 nəfərə çatdırılacaqdır.