SİYASƏT
BAMF-ın prezidenti Avropa Parlamentinin sədrinə müraciət ünvanlayıb
Bakı, 22 fevral, AZƏRTAC
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Avropa Parlamentinin (AP) sədri Antonio Tayaniyə müraciət ünvanlayıb.
BAMF-dan AZƏRTAC-a bildiriblər ki, U.Mirzəyev Avropa Parlamentinin dörd deputatının öz səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı məsələyə baxılması və Lars Adaktusson, Çarlz Tennok, Eleni Teoharus və Mişel Rivasi barədə lazımi tədbir görülməsinə çağırıb.
O bildirib ki, Avropa Parlamentinin bu üzvləri əməkdaşlığa xələl gətirir. Avropa Parlamentinin bəzi üzvləri tərəfindən atılan addım təkcə diplomatik normalara və beynəlxalq hüquqa deyil, həm də əsas etik prinsiplərə ziddir. Avropa Xalq Partiyasından olan Lars Adatuksonun (İsveç) bu yaxınlarda Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi onun təcavüzü və işğalı dəstəklədiyini göstərir. Bu cür qanunsuz səfərlə Lars Adaktusson Azərbaycanın qanunlarını, həmçinin beynəlxalq hüququn norma və prinsiplərini pozub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi istiqamətində ATƏT-in Minsk qrupunun səylərini boşa çıxararaq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini şübhə altına almış olub.
Həmçinin bildirilir ki, Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü olan xanım Eleni Teokarus da Dağlıq Qarabağa qanunsuz səfər edib və qondarma rejimi dəstəklədiyini bildirib. Bu deputatlar anti-Azərbaycan qüvvələri açıq şəkildə dəstəkləyən qərəzli mövqe sərgiləyir. Onlar erməni hakimiyyətinin öz işğalçı siyasətinə haqq qazandırmaq üçün etdikləri əsassız və təcavüzkar cəhdləri təşviq edirlər.
Avropa Parlamentinin sədrinə, həmçinin məlumat verilir ki, fevralın 27-də deputatlar Lars Adaktusson və Mişel Rivasi Avropa Parlamentinin binasında Dağlıq Qarabağa dair tədbir keçirməyi planlaşdırırlar. Tədbir Erməni Hüquq Mərkəzi və İnsan Hüquqları üzrə Tufenkyan Fondu və Avropa Erməni Ədalət və Demokratiya Federasiyası tərəfindən təşkil olunacaq. Fevralın 28-də isə Avropa Parlamentinin binasında “Dağlıq Qarabağ və Avropa İttifaqı 1988-2018-ci illər” adlı konfrans keçiriləcək. Tədbir Erməni Xeyriyyəçi Birliyi və Ermənistanın dostlarının Avropa qrupunun lobbiçi qrupu tərəfindən maliyyələşdirilib. Azərbaycanda vətəndaş cəmiyyəti həmişə Avropa norma və dəyərlərini vurğulayıb, həmçinin Avropa İttifaqına inteqrasiyanı dəstəkləyib. Avropa Parlamentinin bəzi deputatlarının bu cür davranışı Azərbaycan xalqının Avropa İttifaqının münaqişənin dinc yolla həll olunması və Azərbaycanla inteqrasiyanı dərinləşdirmək istəyinə inamını azaldır.
BAMF prezidenti Avropa Parlamentinin sədrinin AP-ın anti-Azərbaycanyönümlü platforma kimi istifadə olunmaması üçün səy göstərəcəyinə ümid etdiyini bildirib.