İQTİSADİYYAT
BANKLARIN NİZAMNAMƏ KAPİTALININ ÜMUMİ HƏCMİ 14,8 FAİZ ARTMIŞDIR
Noyabrın 1-nə olan məlumata görə, respublikada 103 kredit təşkilatının bank əməliyyatlarının aparılması üçün lisenziyaları olmuşdur. Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, onlardan 57-si qeyri-bank kredit təşkilatıdır.
Hazırda Azərbaycanda 46 bank fəaliyyət göstərir. Xarici kapitalın iştirakı ilə fəaliyyət göstərən 16 bankın 4-də xarici kapitalın payı 50-100 faiz arasında, 10-da 50 faizdən azdır, 2-si qeyri-rezident bankıdır.
Noyabrın 1-nə bankların nizamnamə kapitalı 722,1 milyard manat təşkil etmişdir ki, bu da yanvarın 1-nə olduğundan 14,8 faiz çoxdur.
Nizamnamə kapitalının ümumi həcminin 81 milyard manatı dövlət banklarının, 641,1 milyard manatı isə özəl bankların payına düşür. Bankların xarici kapitalın iştirakı ilə yaradılmış nizamnamə fondu 257,2 milyard manatdır. Bu nizamnamə fondunun ümumi həcminin 35,6 faizidir.
Hər banka, orta hesabla, 15,7 milyard manat nizamnamə fondu düşür.