Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

«BANKLAR HAQQINDA» AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUNTƏTBIQ EDILMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI

«Banklar haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Banklar haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 41.5-ci maddəsinə müvafiq olaraq bankların mövcud və kecmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları tərəfindən bankın idarəedilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar, həmçinin bank nəzarəti üzrə səlahiyyətlərin həyata keçirilməsi prosesində Azərbaycan Respublikası Milli Bankının mövcud və keçmiş inspektorlarına, kənar auditorlara, habelə «Banklar haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq kredit reyestrini aparan şəxslərin onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açılmasına görə mülki, inzibati və cinayət məsuliyyətinə dair qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. öz səlahiyyətləri daxilində «Banklar haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə, Azərbaycan Respublikasının Milli Bankına tapşırılsın ki, iki ay müddətində başlıca məqsədi bank sisteminin fəaliyyətinin iqtisadiyyatın sabit inkişafının təmin edilməsi ilə uzlaşdırılması, dayanıqlı və etibarlı bank sisteminin formalaşdırılması, bank sektorunun inkişafı üçün daha əlverişli mühitin yaradılması, bank bazarında sağlam rəqabət mühitinin bərqərar olması, bank fəaliyyətində şəffaflığın təmin edilməsi və bütünlükdə bank-kredit sisteminin yeni tələblərə uyğun köklü surətdə qurulması üçün Azərbaycan Respublikasının Bank Məcəlləsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

3. Müəyyən edilsin ki:

3.1. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinin ikinci cümləsində, 57.2-ci maddəsinin ikinci abzasında, 57.3-cü maddəsinin birinci cümləsində (birinci halda) və 57.7-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

3.2. həmin Qanunun 57.3-cü maddəsinin birinci cümləsində (ikinci halda) və ikinci cümləsində və 65.2.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

4. Azərbaycan Respublikasının Milli Bankına tapşırılsın ki:

4.1. bir ay müddətində:

4.1.1. həmin Qanunun 5.4-cü maddəsinə müvafiq olaraq Milli Bank tərəfindən müəyyənləşdirilən offşor zonalarının siyahısının müəyyən edilməsinin meyarlarına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin və bu siyahı müəyyən edildikdə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.1.2. həmin Qanunun 6.3-cü maddəsinə müvafiq olaraq lisenziya və icazələrdə banklara icazə verilən fəaliyyət növlərinə Milli Bank tərəfindən qoyulan məhdudiyyətlərin daha müfəssəl əsaslarına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.3. həmin Qanunun 10.4-cü maddəsinə müvafiq olaraq bankın idarə heyətinin üzvlərinin, daxili audit bölməsinin rəhbərinin, bankın baş mühasibinin (mühasibat xidmətinin rəhbərinin) və onun imza hüququ olan müavinlərinin, habelə yerli və xarici bankların yerli filiallarının rəhbərlərinin və baş mühasiblərinin (mühasibat xidmətinin rəhbərinin) və onların imza hüququ olan müavinlərinin Milli Bankda attestasiyadan keçirilməsi qaydalarını hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;

4.1.4. həmin Qanunun 11.2-ci maddəsinə müvafiq olaraq yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi qaydalarını, habelə onların fəaliyyəti ilə əlaqədar şərtləri və tələbləri hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

4.1.5. həmin Qanunun 34.4-cü maddəsinə müvafiq olaraq banklar üçün korporativ idarəetmə standartlarına dair təkliflərini hazırlayıb razılaşdırmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.6. həmin Qanunun 35.1-ci maddəsinə müvafiq olaraq Milli Bankın normativ xarakterli aktları ilə bankların qarşılıqlı surətdə həyata keçirilən fəaliyyətinin məhdudlaşdırıla bilən növlərinə və məhdudlaşdırmanın əsaslarına dair müfəssəl təkliflərini hazırlayıb razılaşdırmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.7. həmin Qanunun 35.4-cü maddəsinin birinci abzasına müvafiq olaraq mərkəzləşdirilmiş kredit reyestrinin iş rejimi, o cümlədən məlumatın xarakteri, məlumatların verilməsi və alınması qaydalarına və şərtlərinə, bank sirrinin mühafizəsi də daxil olmaqla, qeyd edilən maddənin ikinci abzasına müvafiq olaraq bankların arasında yaradıla bilən xüsusi kredit reyestrinə dair şərtlər barədə təkliflərini hazırlayıb razılaşdırmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.8. həmin Qanunun 36.2-ci maddəsinə müvafiq olaraq müştərilərin banklarda hesablarının açılması, aparılması və bağlanması qaydalarını hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

4.1.9. həmin Qanunun 43.1-ci maddəsinə müvafiq olaraq banklarda mühasibat ucotu qaydalarını və hesabatların formasını, məzmununu və dövriliyini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdıraraq təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.1.10. həmin Qanunun 46.2-ci maddəsinə müvafiq olaraq bank nəzarəti qaydasında bank yoxlamalarının həyata keçirilməsinin prosedur qaydalarını hazırlayıb baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.11. həmin Qanunun 46.4-cü maddəsinə müvafiq olaraq xarici bankın yerli nümayəndəliyinin özünün fəaliyyətinin qanunvericilikdən və əsasnaməsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmadığını göstərmək üçün özünün idarə edilməsi qaydası və cari fəaliyyəti haqqında Milli Banka təqdim etdiyi hesabatın formasını, məzmununu və təqdim edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.1.12. həmin Qanunun 50.1-ci maddəsinin ikinci cümləsinə müvafiq olaraq «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsində nəzərdə tutulmuş sanksiyanın tətbiqinə dair materiallara baxılması və onun nəticələrinin rəsmiləşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

4.1.13. Milli Bankın normativ xarakterli aktlarının «Banklar haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4.2. Öz səlahiyyətləri daxilində «Banklar haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4.3. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-34.6-cı və digər maddələrinə uyğun olaraq müvafiq normativləri və tələbləri müəyyən etdikdə, bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

5. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, «26» mart 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin