ELM VƏ TƏHSİL
BANM-də Prezident təqaüdçüləri ilə görüş
Bakı, 17 oktyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov bu ali təhsil müəssisəsinə 2018-ci ildə qəbul edilmiş Prezident təqaüdçüləri ilə görüş keçirib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, ölkədə bu il I ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülən 26 nəfərin hər biri ilə yaxından tanış olan rektor tələbələri BANM-ə daxil olmaları münasibətilə ürəkdən təbrik edib. Vurğulayıb ki, Prezident təqaüdünə 17 yaşında layiq görülmək hər bir gənc üçün böyük uğur və fəxrdir. “Bu adı layiqincə daşımaq sizin öz əlinizdədir. BANM olaraq biz sizin hərtərəfli yetişməyinizdə maraqlıyıq və bunun üçün əlimizdən gələni edəcəyik”, – deyə rektor Elmar Qasımov bildirib.
Ali Neft Məktəbinin 2018-ci il Prezident təqaüdçülərinin 13-ü “İnformasiya təhlükəsizliyi”, digər 13-ü isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alacaq. Bu gənclərin 13-ü 700 bal, 13-ü isə 695 bal toplayıb. Prezident təqaüdçülərinin 6-sı qız, 20-si oğlandır.
Qeyd edək ki, BANM bu il ölkə üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir.