ELM VƏ TƏHSİL
BANM-in məzunları SOCAR-ın Türkiyədəki müəssisələrində uğurla fəaliyyət göstərirlər
Bakı, 2 oktyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “SOCAR-Türkiyə”nin insan resursları üzrə qrup direktoru xanım Sibel Uğurla görüşüb.
BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor E.Qasımov ali məktəbin təlim-tədris prosesi, nailiyyətləri və məzunları haqqında məlumat verib. E.Qasımov bildirib ki, SOCAR-ın Türkiyədəki “Star” neft emalı zavodu və “Petkim” neft-kimya holdinqində BANM-in 30-dan çox məzunu çalışır və onlar tələbə yay istehsal təcrübəsinə göndərilirlər.
Sibel Uğur BANM-in nailiyyətlərini yüksək qiymətləndirib və bu ali məktəbin məzunlarının SOCAR-ın Türkiyədəki müəssisələrində uğurla fəaliyyət göstərdiklərini bildirib. Tezliklə işçilərin ixtisaslarının artırılması, sahənin yeniliklərinin öyrənilməsi məqsədilə “SOCAR Türkey” Akademiyasının yaradılacağını bildirən Sibel Uğur bu istiqamətdə BANM-in böyük dəstəyinə ehtiyac olacağını qeyd edib.
Sibel Uğur bu tədris ilinin sonunda da, keçən illərdə olduğu kimi, BANM məzunlarından seçilərək “SOCAR-Türkiyə”yə işləməyə göndəriləcəyini söyləyib.
Görüşdə, həmçinin BANM-in tələbələrinin Sibel Uğurla görüşünün təşkil edilməsi, onun tərəfindən gənclərə karyera və motivasiya seminarının keçirilməsi razılaşdırılıb.