İDMAN
BƏRDƏDƏ DÜNYA ÇEMPİONU İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bərdədə kikboksinq üzrə dünya çempionu Kamil Şərifovla görüş keçirilmişdir. Görüşdə gənc idmançının son illər qazandığı uğurlardan söhbət açılmış, bildirilmişdir ki, o, respublika yarışlarında uğurla çıxış etmiş, 3 qızıl, 2 gümüş, 3 bürünc medala layiq görülmüşdür.
Mayın 13-də Yunanıstanın Kortu adasında başa çatan “Vold Porti” versiyası üzrə keçirilən dünya çempionatında Kamil Şərifov gənclər arasında çempion adına layiq görülmüş, qızıl medalla təltif olunmuşdur.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Elman Allahverdiyev idmançını təbrik etmiş, gələcək yarışlarda uğurlar arzulamışdır. İctimaiyyətin nümayəndələri, idmançılar həmyerlilərini təbrik etmiş, ona fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilmişdir.
Çempionla görüşdə respublikada idmanın inkişafı üçün lazımi şəraitin yaradıldığından, Azərbaycan Prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açılmışdır.