İQTİSADİYYAT
BƏRDƏLİLƏR PREZİDENT FƏRMANINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏRİ MÜZAKİRƏ ETMİŞLƏR
AZƏRTAC-ın müxbiri Bərdədən xəbər verir ki, rayon icra hakimiyyətində idarə, müəssisə rəhbərlərinin, bələdiyyə sədrlərinin, ərazi icra nümayəndələrinin, sahibkarların, təhsil və mədəniyyət işçilərinin iştirakı ilə keçirilən toplantıda ölkəmizin Prezidenti İlham Əliyevin noyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanından irəli gələn vəzifələr müzakirə olunmuşdur.
Toplantıda çıxış edənlər bu tarixi Fərmanı əsası möhtərəm Heydər Əliyev tərəfindən qoyulmuş siyasi-iqtisadi kursun məntiqi davamı olduğunu bildirmiş, Prezidentin bu Fərmanını ölkəmizin yaxın 5 il üçün fəaliyyət proqramı kimi qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, son illərdə Bərdə rayonunda yeni istehsal sahələrinin yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, aqrar bölmənin inkişafına diqqətin artırılması və başqa səmərəli tədbirlər öz müsbət nəticəsini vermişdir.
Fərmanda qarşıda duran təxirəsalınmaz vəzifələr, bununla bağlı problemlərin həlli istiqamətində görüləcək işlər müəyyənləşdirilmişdir.