SİYASƏT
BƏRDƏLİLƏR VƏ TƏRTƏRLİLƏR HEYDƏR ƏLİYEVİ YENİDƏN PREZİDENT GÖRMƏK İSTƏYİRLƏR
Fevralın 14-də Bərdə və Tərtər rayonları seyidlərinin, ağsaqqallarının, ziyalılarının, müharibə və əmək veteranlarının, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və ictimaiyyətin digər nümayəndələrinin birgə toplantısı keçirilmişdir.
El ağsaqqalları seyid Yusif ağa Abbasov, Ağa Rzayev, müəllim Minayə Nəbbaqi, fərdi təqaüdçü Hümmət Əliyev, həkim Məhəbbət Paşayeva və başqaları çıxış edərək, qüdrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açmışlar. Onlar ümummilli liderimiz Heydər Əliyevin qarşıdan gələn seçkilərdə prezidentliyə namizədliyini irəli sürmüşlər. Qeyd olunmuşdur ki, son 35 ildə respublikamızın qazandığı nailiyyətlər Prezident Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ölkəmizin Prezidentinin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan bütün dünyada tanınmış, onun şöhrəti daha da artmışdır. Heydər Əliyev Azərbaycanın xilaskarı olduğunu dəfələrlə sübut etmişdir. Xalq Prezidentinə inanır və onu dəstəkləyir. Bərdə və Tərtər rayonlarının seçiciləri növbəti prezident seçkilərində də Heydər Əliyevin namizədliyinə səs verəcəklər.
Toplantı iştirakçıları dövlətimizin başçısına müraciət qəbul etmişlər.