ELM VƏ TƏHSİL
BƏRDƏ RAYON TƏHSİL İŞÇİLƏRİNİN KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bərdə rayon təhsil işçilərinin konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Rayon təhsil şöbəsinin müdiri Rahilə İsmayılova 2007-2008-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə məruzə etmişdir. Bildirmişdir ki, ötən dərs ilində rayonda 75 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 32 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərmişdir. 2008-ci ildə ümumtəhsil məktəblərini bitirmiş, 1726 məzunun 728-i qəbul imtahanlarında iştirak etmiş, 271 nəfər ali məktəblərə, 162 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Məzunlardan 7-si 600-dən, 39-u 500-dən artıq bal toplamışdır. Yüksək bal toplamış 2 məzun Prezident təqaüdünə layiq görülmüşdür. Akademik Zərifə Əliyeva adına şəhər ümumtəhsil məktəbi ilin ən yaxşı məktəbi müsabiqəsinin qalibi olaraq ölkənin 50 ən yaxşı məktəbi sırasına daxil edilmişdir.
Natiq məlumat vermişdir ki, Bərdə rayonunda da yeni məktəb binalarının tikilməsi, mövcud məktəb binalarının təmiri davam etdirilmişdir. 2007-2008-ci tədris ilində şəhərdə 880 yerlik , Cumalar kənd orta məktəbi yanında 160 yerlik əlavə korpus tikilərək istifadəyə verilmişdir. Hazırda Kətəlparaq kənd orta məktəbi üçün tikilən 640 yerlik binada tamamlama işləri aparılır, şəhər internat orta məktəbi üçün 240 yerlik yardımçı bina tikilir.
Məruzə və çıxışlarda uğurlarla yanaşı nöqsanlar da göstərilmiş, onların aradan qaldırılması, müəllimlərin peşə hazırlığının yüksəldilməsi üçün təkliflər irəli sürülmüşdür.
Rayon icra hakimiyyətinin başçısı İlham Ağayev və Təhsil Nazirliyinin nümayəndəsi Abbasqulu Quliyev ölkədə təhsil sahəsində aparılan islahatlardan, qazanılan uğurlardan danışmış, pedaqoji kollektivin qarşısında duran vəzifələrdən bəhs etmişlər.
Konfransda Azərbaycan müəllimlərinin XIII qurultayına nümayəndələr seçilmişdir.