İQTİSADİYYAT
“BARMEK” “İSRAFÇILIQLA MÜBARİZƏ AYLIĞI” KEÇİRİR
Şəbəkənin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qış aylarında elektrik enerjisindən israfçılıqla istifadəyə qarşı ciddi mübarizə aparmaq üçün şirkətin prezidenti Hüseyn Arabulun göstərişi ilə xüsusi qərargah yaradılmışdır. Qərargahın əsas məqsədi abunəçilərin mənzillərində standartlara uyğun gəlməyən elektrik qızdırıcılarını ləğv etmək, o cümlədən küçələr, binalar, müəssisələr, şadlıq sarayları və s. yerlərdə gecə boş yerə yanan lampalara nəzarət etməkdən ibarətdir.
Hazırda “Barmek”in idarəçiliyinə aid olan bütün bölgələrdə israfçılığa qarşı mübarizə aylığı keçirilir və bu tədbir ilin sönuna qədər davam edəcəkdir. Həmin müddət ərzində israfçılığa yol verən abunəçilərə xəbərdarlıq ediləcək, həm də onlar barəsində müvafiq ölçü götürüləcəkdir.
Qərargah 24 saat işləyir və üzə çıxan nöqsanları araşdırır. Maraqlıdır ki, artıq bu kampaniyaya abunəçilər özləri də qoşulmuşlar. Onlar dəfələrlə zəng vurmaqla çox əhəmiyyətli faktların üzə çıxmasında qərargah üzvlərinə yardımçı olmuşlar.