MƏDƏNİYYƏT
BƏSTƏKARIN YUBİLEY GECƏSİ KEÇİRİLMİŞDİR
25-də Dövlət musiqi mədəniyyəti muzeyi Bakı Musiqi Akademiyası ilə birgə Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri, əməkdar incəsənət xadimi Musa Mirzəyevin anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirmişdir.
Muzeydən AZƏRTAC-ın müxbirinə demişlər ki, tədbirdə çıxış edən natiqlər Azərbaycan musiqi mədəniyyətinə, xüsusilə də milli simfonik musiqinin inkişafına layiqli töhfə vermiş Musa Mirzəyevin yaradıcılığından danışmış, bəstəkarın Bakı Musiqi Akademiyasının professoru kimi pedoqoji fəaliyyətindən söhbət açmış, ona yeni sənət uğurları arzulamışlar.
Qeyd olunmuşdur ki, bəstəkarın vokal-simfonik və kamera-instrumental janrlarında bəstələdiyi musiqi nümunələri dərin poetik lirizmi, zərifliyi, musiqi dilinin zənginliyi ilə seçilir. Musiqi sənətinin inkişafındakı xidmətlərinin təsdiqi olaraq bəstəkar “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Bəstəkar Musa Mirzəyev çıxış edərək yaradıcılığına verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidenti Heydər Əliyevə, tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirmişdir.
Sonra tanınmış incəsənət ustalarının ifasında bəstəkarın vokal-simfonik və kamera-instrumental musiqiləri səslənmişdir.
Tədbir iştirakçıları muzeyin foyesində Musa Mirzəyevin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olmuşlar.
Rumıniyanın ölkəmizdəki səfiri Tasim Cəmil və digər səfirliklərin nümayəndələri tədbirdə iştirak edirdilər.