BAŞ DÖVLƏT YOL POLİSİ 9 AYA YEKUN VURMUŞDUR
AzerTAg.az
Respublikamızın magistral yollarında, şəhər və rayonlarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyi sahəsində bu ilin 9 ayı ərzində görülən işlər oktyabrın 23-də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində keçirilən əməliyyat müşavirəsində müzakirə olunmuşdur.
BDYPİ-nin rəisi, polis general-mayoru Ramiz Zeynalov qazanılan uğurlar, habelə işdə yol verilmiş nöqsanlar, qarşıda duran vəzifələr barədə danışmış, ötən 9 ay ərzində yol polisi əməkdaşlarının fəaliyyətini təhlil etmişdir. Bildirilmişdir ki, ötən ilin müvafiq dövrünə nisbətən nəqliyyat vasitələrinin sayının xeyli artmasına baxmayaraq, ölkəmizdə baş verən nəqliyyat hadisələrinin azaldılması, bunların nəticəsində ölüm və yaralanma hallarının minimuma endirilməsi sahəsində çox iş görülmüşdür.
Natiq yol polisi əməkdaşlarının bu sahəyə diqqətinin daha da artırılmasını tövsiyə etmiş və demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasətinin layiqli davamçısı İlham Əliyevin qarşıya qoyduğu vəzifələr dönmədən həyata keçirilməli, həyatımızın bütün sahələrində olduğu kimi, nəqliyyatın işinin ahəngdarlığı istiqamətində mütəmadi işlər görülməlidir. O, bu ümdə vəzifənin öhdəsindən layiqincə gəlmək üçün bütün yol polisi əməkdaşlarının vəzifə borclarını şərəflə yerinə yetirməyə, nöqsanlara yol verməməyə çağırmışdır.
Doqquz ayın yekunları ilə bağlı məruzəsində BDYPİ-nin rəis müavini, polis polkovniki İsmət Əliyev vurğulamışdır ki, bu ilin ötən 9 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi, əldə silah gəzdirilməsi, avtomaşın oğurluğu ilə bağlı xeyli cinayət faktı aşkarlanmış, axtarışda olan 48 nəfər tutularaq müvafiq oruqanlara təhvil verilmişdir. Qəzaların sayının artması və bununla əlaqədar ölüm və yaralanma hallarının bir sıra obyektiv və subyektiv səbəblərlə bağlı olsa da, bunlar təskinliyə əsas yaratmır.
Məruzə ətrafında çıxış edənlər söylənilən faktlar üzərində dayanmış, fikirlərini açıqlamışlar.
Ciddi tənqidi ruhda keçən müşavirəyə yekun vuran general-mayor Ramiz Zeynalov yol polisi əməkdaşları qarşısında ciddi tələblər qoymuş və bir daha əmin olduğunu bildirmişdir ki, asayiş keşikçiləri vəzifə borclarını layiqincə yerinə yetirəcəklər.
Xəbərin mətnində orfoqrafik səhv var