DÜNYA
BAŞ TUTMAYAN PANDEMİYA İLƏ MÜBARİZƏYƏ MİLYARDLAR XƏRCLƏNMİŞDİR
Bakı, 18 may (AZƏRTAC). H1N1 qripi pandemiyasından ölənlərin sayının 7,5 milyon nəfərə çatacağı barədə proqnozlar, xoşbəxtlikdən özünü doğrultmadı. Britaniyanın “The Independent” qəzeti yazır ki, hər il adi mövsümi qrip ştammlarından ölənlərin sayı 500 min nəfərə çatır. Bu göstərici ilə müqayisədə H1N1 qripin qurbanlarının sayı bir o qədər də nəzərə çarpmır.
Dünya Səhiyyə Təşkilatının (DST) ürək xəstəlikləri məsələləri üzrə müşaviri, professor Ulrix Keyl bildirmişdir ki, pandemiya elan edilməsi özünü doğrultmayan çox böyük xərclərə səbəb olmuşdur. O, Avropa Şurasındakı çıxışında demişdir: “Biz bilirik ki, insan ölümünə səbəb olan əsas amillər hipertoniya, siqaretçəkmə, qanda xolesterinin yüksək səviyyəsi, bədən kütləsi indeksinin artıq olması, oturaq həyat tərzi, meyvə və tərəvəzin miqdarı az olan qida rasionudur”.
Tezliklə DST-nin H1N1 qripinə münasibətini araşdıran komissiyanın məruzəsi açıqlanacaqdır. Təşkilatı pandemiyanı düzgün müəyyən etməməkdə təqsirləndirirlər. Avropa Şurasının səhiyyə şöbəsinin keçmiş direktoru Volfqanq Vodarq DST-nin antivirus preparatların və vaksinlərin satışından çox böyük məbləğdə gəlir əldə etmiş əczaçılıq sənayesinin təsiri altında olduğunu bildirmişdir. Məsələn, “Novartis” şirkətinin qazancı cari ilin birinci rübündə təxminən 3 dəfə artmışdır.
1918-ci ildə qeydə alınmış dəhşətli “ispanka” qripi pandemiyasına gəldikdə isə, mütəxəssislər hələ də ona, həqiqətən, qrip virusunun səbəb olub-olmadığını dəqiq deyə bilmirlər.