DÜNYA
BATUMİDƏ ASLAN ABAŞİDZENİN QIZI DİANA ABAŞİDZENİN MÜHAFİZƏÇİLƏRİ HƏBS EDİLMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 21-i Acarıstan Muxtar Respublikasının sabiq başçısı Aslan Abaşidzenin həyat yoldaşı Maquli Qoqitidzenin vəfatının ildönümü idi. Onun qızı Diana Abaşidze anasının məzarını ziyarət etmək üçün iyunun 20-də Batumiyə gəlmişdir. D. Abaşidze dəniz kənarında yerləşən binada gecələmişdir. Burada onu A. Abaşidzeyə sadiq adamlar mühafizə etmişlər. Bu barədə Acarıstanın hüquq mühafizə orqanlarına məlumat daxil olmuş, Dövlət Təhlükəsizliyi və Daxili İşlər nazirlikləri onları yaxalamaq üçün birgə əməliyyat keçirmişlər. İyunun 21-i səhər saat 4-dən 6-dək davam edən əməliyyat nəticəsində Aslan Abaşidzenin sabiq mühafizəçilərindən 13 nəfəri tutulmuşdur. Onlar qanunsuz silah gəzdirməkdə ittiham olunurlar. Hazırda tutulanlardan 6 nəfəri zaminə buraxılmışdır.
Gürcüstan daxili işlər naziri İrakli Okruaşvili bildirmişdir ki, Diana Abaşidze prokurorluq tərəfindən dindiriləcəkdir. Buna səbəb Aslan Abaşidzeyə məxsus əmlakın rəsmən onun adına olmasıdır. Söhbət dövlətə milyonlarla borcu olan 30-dan çox idarədən gedir.