SİYASƏT
BƏT-İN 90-CI SESSİYASINDA İŞTİRAK ETMİŞDİR
Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev iyunun 10-15-də Cenevrə şəhərində keçirilmiş Beynəlxalq Əmək Təşkilatının 90-cı sessiyasında iştirak etmişdir. BƏT-in baş direktorunun “Gələcəkdə uşaq əməyi yolverilməzdir” və “BƏT-in 2000-2001-ci illər üçün proqramının həyata keçirilməsi” adlı məruzələri ətrafında müzakirələrdə çıxış edən Əli Nağıyev respublikamızda uşaqların hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat vermiş, ölkədə sosial, iqtisadi və idarəetmə sahəsində geniş miqyaslı islahatların aparılması və yoxsulluğun azaldılması strategiyasının hazırlanmasına dair müvafiq işlərin görülməsindən, həmçinin Azərbaycan Respublikası ilə Beynəlxalq Əmək Təşkilatı arasında 2001-2002-ci illər üçün Əməkdaşlıq Proqramının yerinə yetirilməsindən bəhs etmişdir.
İyunun 14-də BƏT-in baş direktoru cənab X.Somavia ilə görüşü zamanı nazir respublikada əməkdaşlıq normalarının tətbiqi, əmək və sosial müdafiə sahəsində görülən işlər haqqında məlumat vermişdir. Cənab X.Somavia ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirmiş, gələcəkdə Azərbaycanda texniki yardım proqramlarının genişləndiriləcəyini vurğulamışdır.
Sessiyanın yekunu olaraq, BƏT-in “Əməyin mühafizəsi və gigiyenası haqqında” 155 saylı Konvensiyasına Protokol və “Kooperativlərin inkişafı haqqında” Tövsiyəsi qəbul edilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti