İQTİSADİYYAT
BƏZİ NEFT MƏHSULLARI İSTEHSALI ARTMIŞDIR
“Azərneftyanacaq” və “Azərneftyağ” zavodlarında cari ilin 10 ayında mazut və dizel yanacağı istehsalı azalmışdır. Həmin müddət ərzində 1,9194 milyon ton mazut, 1,3105 milyon ton dizel yanacağı istehsal etmişdir. Lakin bu, ötən ilin müvafiq göstəricilərindən 13,2 və 2 faiz azdır.
Bununla belə, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrünə nisbətən bəzi neft məhsullarının istehsalı yüksəlmişdir. Belə ki, avtomobil benzininin istehsalı 18,3 faiz, neft bitumu istehsalı 42,2 faiz artaraq, müvafiq surətdə 595,4 min ton və 63 min ton olmuşdur. Zavodlar həmçinin 20,1 min ton (4,7 faiz artıq) müxtəlif yağlar, 229,3 min ton (9,6 faiz çox) texniki benzin buraxmışdır.
Hazırda hər iki müəssisə tam gücü ilə işləməsə də, respublikanın benzin, dizel yanacağı, təyyarə yanacağı, yağlar və digər neft məhsullarına olan tələbatını tamamilə ödəyir.