MƏDƏNİYYƏT


“BBC World News” telekanalında Azərbaycan turizmi haqqında tanıtım çarxı təqdim olunub

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan Turizm Bürosunun “BBC” yayım şirkəti ilə əməkdaşlığı çərçivəsində Azərbaycanın turizm potensialı haqqında çəkilən tanıtım çarxı izləyicilərə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, videoda Azərbaycanın təbiəti, tarixi və mədəni müxtəlifliklərini əks etdirən abidələri, Azərbaycan mətbəxinin təamları, o cümlədən ölkəyə səyahət edən turistlərin təcrübədən keçirə biləcəkləri fəaliyyət növləri öz əksini tapıb.

Bir il ərzində davam edəcək əməkdaşlıq üzrə rəqəmsal və podkast kampaniyalarına start verilib. Belə ki, rəqəmsal kampaniya “bbc.com” saytında reklam bannerləri, ölkəmizin mədəni və maddi irs nümunələrini əks etdirən maraqlı məqalələr, eləcə də saytın “reel” (video məlumat) bölməsində qısa tanıtım çarxlarının yerləşdirilməsini, podkast kampaniyası isə “BBC” şəbəkəsində yayımlanan, səyahət və kulinariyaya həsr olunmuş podkastlar zamanı audioreklamların səsləndirilməsini nəzərdə tutur.

Kampaniyanın hədəfi BƏƏ, Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı, Qətər, İsrail, Türkiyə və Rusiya kimi hədəf bazarlardan olan istifadəçilərdir.

Kampaniya çərçivəsində Azərbaycanın turizm imkanlarına həsr olunmuş daha 2 təbliğat videoçarxının, eləcə də “A Taste of Baku” (“Bakının dadı”) və “Wonders of Azerbaijan” (“Azərbaycanın möcüzələri”) verilişlərinin çəkilişi planlaşdırılır. Həmin tanıtım çarxları və adıçəkilən verilişlər “BBC World News” telekanalında yayımlanacaq.

Qeyd edək ki, televiziya, radio və onlayn vasitələrlə müxtəlif yayım xidmətləri göstərən “BBC” şirkətinin “BBC World News” telekanalının izləyici sayı 112 milyon, “bbc.com” saytının aylıq unikal istifadəçi sayı isə 179 milyon təşkil edir.

Videoya baxmaq üçün link: https://bit.ly/3qH3tHT

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.