CƏMİYYƏT
BBMM-in icraçı direktoru: Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir
Bakı, 7 may, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn konfrans keçirib. “Ümummilli lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” adlı konfransda ölkəmizdə yaşayan milli və dini icmaların nümayəndələri, deputatlar, ziyalılar iştirak ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan BBMM-in icraçı direktoru Rəvan Həsənov Ümummilli Liderin multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab etdiyini vurğulayıb. Qeyd edib ki, Ulu Öndər Azərbaycan ərazisində yaşayan bütün xalqların hüquq və azadlıqlarının, eləcə də etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini bildirirdi. Ulu Öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda, Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən, multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya olaraq irəli sürmüşdü. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmayaraq, ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Heydər Əliyev bu ideologiyanı ortaya qoymaqla Azərbaycanda tolerantlıq və multikulturalizmin sürətlə inkişaf etməsinə geniş şərait yaratdı. Bu gün Ulu Öndərin ideyaları bütün sahələrdə olduğu kimi, multikulturalizm və tolerantlıq istiqamətində də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi Azərbaycanı yüksək mədəniyyətə malik tolerant dövlət kimi dünyada tanıdır.
Daha sonra Azərbaycan Rus icmasının sədri, deputat Mixail Zabelin, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, talış icmasının nümayəndəsi, professor İmamverdi Həmidov, Alban-Udi Xristian icmasının rəhbəri Robert Mobili, “Samur” Ləzgi Milli Mərkəzinin rəhbəri İmran Rzayev, AMEA-Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Sakit Hüseynov, Azərbaycan-Avar İctimai Birliyinin rəhbəri Məhəmməd Nooyev və digərləri çıxış edərək, Ulu Öndərin “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir” fikrini vurğuladılar. 44 günlük Vətən müharibəsində də bunu milli və dini kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı öz fəallığı ilə bir daha sübut etdi.
Konfransda vurğulanıb ki, qədim tarixə və zəngin ənənələrə malik xalqımızın xarakterik keyfiyyəti olan multikulturalizmin və tolerantlığın daha da inkişafı üçün hüquqi baza yaradılıb və bu sahəyə dövlətin qayğısı artırılıb. Ölkəmizdəki multikultural və tolerant mühit ulu öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin təkmilləşməsi sahəsində aparılan müdrik siyasətinə uyğun olaraq daha da möhkəmlənib, ümumdövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilib.