İQTİSADİYYAT
BBVB-DƏ VALYUTA HƏRRACLARININ HƏCMİ 500 MİLYON ABŞ DOLLARINA ÇATMAQDADIR
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, valyuta bölməsində hərracların ümumi dövriyyəsində bağladıqları əqdlərdəki paylara müvafiq olaraq, Azərbaycan Beynəlxalq Bankı, “Azəriqazbank” səhmdar-investisiya bankı, “Əmrahbank” kommersiya bankı, “İLKbank” səhmdar-kommersiya bankı və “Rabitəbank” kommersiya bankı birja valyuta bazarının liderləridir.
Noyabr ayında BBVB-nin ABŞ dolları üzrə hərraclarında cəmi 28 bank iştirak
etmişdir. Ötən ay 17 hərrac sessiyası keçirilmiş və 181 əqd bağlanmışdır. Noyabrda birjanın valyuta bölməsində ABŞ dolları üzrə hərracların ümumi həcmi 209 milyard 763 milyon manat, yaxud 42,688 milyon ABŞ dolları olmuşdur. Noyabr hərraclarının ümumi həcmindən BEST elektron sistemində əqdlərin payına 29,759 milyon ABŞ dolları və ya 70 faiz düşür. AZM-in orta hesablanmış məzənnəsi 1 ABŞ dollarına nisbətdə 1 USD üçün oktyabrda 4911,45 manat olduğu halda, noyabrda 4913,87 manata bərabər olmuşdur. Noyabrda BEST-də Rusiya rublu (RUR) və AVRO (EUR) üzrə əqdlərin həcmi 2,346 milyard manat olmuşdur.
Bütövlükdə yanvar-noyabr aylarının yekunlarına görə, BBVB-nin valyuta bölməsində hərracların həcmi 493,8 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da ötən ilin 11 ayındakından təxminən 4,7 dəfə çoxdur.