MƏDƏNİYYƏT


BDU: “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Bakı, 19 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə dekabrın 23-24-də “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Böyük şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdir ki, Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlayır. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması Nizami irsinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində yeni imkanlar yaradır. “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans şairin həyat və yaradıcılığının bütün istiqamətlər üzrə yeni təfəkkür əsasında tədqiq və təhlil edilməsinə, onun dünyada sülhün, ədalətin, insanpərvərliyin bərqərar olması ilə bağlı bəşəri çağırışlarının daha dərindən öyrənilib, dünyaya çatdırılmasına kömək edəcək.

Konfransda “Nizami Gəncəvi bəşəri ideyalar carçısı kimi”, “Fəlsəfi fikir tarixində Nizami fenomeni”, “Azərbaycan ədəbiyyatında Nizami ənənələri”, “Nizami və tarix”, “Nizami və folklor”, “Nizami və dünya ədəbiyyatı”, “Nizami və türk xalqları ədəbiyyatı”, “Nizaminin ictimai baxışları”, “Nizami irsi dünya mədəniyyəti kontekstində”, “Nizami əlyazmalarının mətnşünaslıq baxımından öyrənilməsi” və s. istiqamətlər üzrə məruzələr dinləniləcək.

Tezislər noyabrın 25-dək təqdim olunmalıdır. Tədbirin işçi dili Azərbaycan, türk, rus və ingilis dilləri olacaq.

Konfransın materialları (məqalə və tezislər toplusu) nəşr ediləcək və iştirakçılara müvafiq sertifikatlar veriləcək. Seçilmiş məqalələr nüfuzlu jurnallarda dərc olunacaq.

Daha ətraflı məlumat BDU-nun saytında verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.