ELM VƏ TƏHSİL
BDU Cənubi Bohemiya Universiteti ilə əməkdaşlığa başlayıb
Bakı, 15 aprel, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Çex Respublikasının Cənubi Bohemiya Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetlər arasında elm və təhsil sahələri üzrə birgə fəaliyyətin perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, hazırda BDU-nun Biologiya fakültəsində 12 tədris laboratoriyası və 2 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Fakültədə parazitologiya, infeksiyalar biologiyası, biokimya, hidrobiologiya və hüceyrə biologiyası sahələri üzrə aparılan elmi tədqiqatlar haqqında məlumat verərək, bu istiqamətlərdə elmi-tədqiqat, kadr hazırlığı, elmi-tədqiqat layihələri və proqramlarda birgə iştirakın mümkünlüyünü bildirib.
Cənubi Bohemiya Universitetinin rektoru Bohumil Jirousek bu müqavilənin universitetlər arasında gələcək əməkdaşlıq üçün əhəmiyyətli rol oynayacağını vurğulayıb: “BDU Azərbaycanın ən qədim təhsil ocağıdır, Cənubi Bohemiya isə çox gənc universitetdir. Əminəm ki, qeyd olunan sahələrdə hər iki universitetin təcrübələrinə əsaslanaraq uğurlu layihələr həyata keçirilə bilər”
Tədbirdə Bakı Dövlət Universiteti ilə Cənubi Bohemiya Universiteti arasında magistratura və doktorantura təhsil səviyyələri üzrə mübadilə və ikili diplom proqramları, birgə müsabiqələr, kadr hazırlığı, elmi-tədqiqat layihələri, elmi simpozium, seminar, konfrans, ixtisasartırma kursları və tədris planlarının təşkili istiqamətlərində əməkdaşlığın həyata keçirilməsi barədə razılıq əldə olunub.
Görüşdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Biomühəndislik elmi-tədqiqat laboratoriyasının müdiri Ralfrid Həsənov, Botanika və bitki fiziologiyası kafedrasının müdiri Elşad Qurbanov, Biologiya fakültəsinin dekanı müavini Səbinə Ömərova, Cənubi Bohemiya Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Radka Zavodska iştirak ediblər.