ELM VƏ TƏHSİL


BDU SABAH qruplarının tələbələri Bakı Apellyasiya Məhkəməsinin iclasını səhnələşdiriblər

Bakı, 26 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının II kurs hüquqşünaslıq ixtisasının tələbələri Bakı Apellyasiya Məhkəməsinin iclasının səhnələşdirilmiş debatını təşkil edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, rol oyunları metodundan istifadə etməklə həmin kursda Əmək hüququ fənnini tədris edən professor Mayis Əliyev tərəfindən təşkil olunmuş səhnələşdirilmiş məhkəmə prosesində iddiaçı Nailə Mehtiyevanın rüşvət alaraq vəzifə saxtakarlığı törətməsi ittihamı ilə 29 il işlədiyi baş tibb bacısı vəzifəsindən azad edilməsi üzrə məhkəmə baxışı iclası canlandırılıb.

Həmçinin iddiaçı Şahin Bayramlının uzun müddət üzrsüz səbəbdən işə gəlməməsi, işə gəlmədiyi barədə məlumat verməməsi və iş fəaliyyəti dövründə yol verdiyi mənimsəmə əməlini törətməsinə görə “Dakota” MMC-də işlədiyi Maliyyə şöbəsindən azad edilməsi üzrə məhkəmə baxışı iclası da səhnələşdirilib.

Hər iki məhkəmə baxışı iclasında tələbələr rollarını məharətlə oynayıblar.

Məhkəmə baxış iclaslarının sonunda sədrlik edən hakim yekun qətnaməni elan edib, qətnamənin qəbul edilməsinə səbəb olan hallar ətraflı izah olunub.

Tədbirin təşkilatçısı və rəhbəri Mayis Əliyevin, Hüquq fakültəsinin dekanı Zaur Əliyevin, eyni zamanda, tədbirdə iştirak edən digər peşəkar hüquqşünasların fikirləri dinlənilib.

Tədris prosesində simulyasiya metodunun tətbiqinin əhəmiyyəti vurğulanıb, sonda məhkəmə iclasını məharətlə canlandıran tələbələrə təşəkkürnamələr təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.